iPhone 20 tamamilə fərqli olacaq: Aplee-dan böyük sürpriz
Apple şirkətinin 2027-ci ildə təqdim etməsi gözlənilən iPhone 20 modeli ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumata görə, yubiley modeli orijinal iPhone-un təqdimatının 20 illiyinə həsr olunacaq və şirkətin son illərdəki ən böyük dizayn yeniliklərindən birini özündə birləşdirəcək.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Apple bundan əvvəl ilk qatlanan iPhone modelini təqdim etməyi planlaşdırır. Lakin texnologiya mənbələrinin iddiasına görə, şirkətin əsas yenilikləri məhz iPhone 20-də nümayiş etdiriləcək.
Ən çox müzakirə olunan xüsusiyyətlərdən biri cihazın tam şüşə korpusa malik olmasıdır. İddialara əsasən, smartfonun ön, arxa və yan hissələrində şüşədən geniş istifadə ediləcək və bu, cihazın vahid şüşə blok kimi görünməsini təmin edəcək.
Bundan başqa, iPhone 20-nin çərçivəsiz və kəsiksiz AMOLED ekranla təchiz olunacağı gözlənilir. Ekranın dörd tərəfdən əyri olması və arxa şüşə-keramika panelinə hamar keçid etməsi nəzərdə tutulur.
Sızdırılan məlumatlarda cihazın dizaynının Apple-ın yeni Liquid Glass vizual konsepsiyasına uyğun hazırlanacağı da bildirilir.
Qeyd edək ki, Apple şirkəti hələlik iPhone 20 ilə bağlı rəsmi məlumat açıqlamayıb. Hazırda yayılan bütün xüsusiyyətlər sənaye mənbələrinin və insayderlərin iddialarına əsaslanır.