Reklam resmi
Reklam resmi

Tramp əleyhinə çıxış edən pivə zavoduna QADAĞA

Tramp əleyhinə çıxış edən pivə zavoduna QADAĞA
Dünya

ABŞ-nin Viskonsin ştatında fəaliyyət göstərən Minocqua Brewing Company pivə zavodunun fəaliyyət lisenziyası ləğv edilib.

Ajans.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Məlumata görə, qərar 4 avqustdan qüvvəyə minəcək. Ştat tənzimləyiciləri bildiriblər ki, pivə zavodu digər ştatlardan lazımi icazələr və vergi ödənişləri olmadan idxal edilən konservləşdirilmiş pivəni satışa çıxarıb. Bu səbəbdən məhsullar müsadirə olunub və şirkətin lisenziyasının ləğvinə qərar verilib.

Pivə zavodunun sahibi, liberal fəal Kirk Banqstad isə ittihamları rədd edib. O hesab edir ki, iddia olunan vergi pozuntuları müəssisənin bağlanması üçün əsas deyil və qərardan bütün hüquqi vasitələrlə şikayət verəcəyini açıqlayıb.

Banqstad tərəfdarlarını məhkəmə xərclərinin qarşılanması üçün yaradılan xüsusi fonda ianə etməyə çağırıb. Onun sözlərinə görə, məhkəmə prosesi başlamazdan əvvəl belə hüquqi xərclər 100 min dollara çata bilər.

Fox News qeyd edir ki, şirkət daha əvvəl sosial şəbəkələrdə dəfələrlə ABŞ Prezidenti Donald Trampı tənqid edən paylaşımlar edib. Nəşrin iddiasına görə, pivə zavodu bəzi paylaşımlarında Trampın ölümü halında müştərilərə pulsuz pivə veriləcəyinə eyham vurub.

Xüsusilə, aprel ayında Ağ Evdə baş vermiş silahlı insidentdən sonra şirkətin sosial media hesabında "pulsuz pivə gününə yaxınlaşırıq" məzmunlu paylaşım edildiyi bildirilir.

Qeyd edək ki, aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının qəbul mərasimi zamanı silahlı insident baş verib. Hadisə nəticəsində Gizli Xidmət əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar 31 yaşlı Kaliforniya sakini Kol Tomas Alleni saxlayıb. ABŞ rəsmilərinin məlumatına görə, o, sonradan Ağ Ev rəsmilərinə qarşı sui-qəsd planlaşdırdığını etiraf edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər