Türkiyədə güclü YANĞIN: Avtomobil yolu BAĞLANDI
Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda kənd təsərrüfatı sahəsində başlayan və daha sonra meşə ərazisinə yayılan yanğının söndürülməsi istiqamətində genişmiqyaslı işlər aparılır.
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bayır məhəlləsində baş verən yanğın güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Sıx tüstü və təhlükəsizlik riskləri səbəbindən Fethiye–Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğının söndürülməsinə həm havadan, həm də qurudan müdaxilə edilir. Türkiyə Meşəçilik Baş İdarəsinin məlumatına görə, əməliyyata 5 təyyarə, 11 helikopter, 40 yanğınsöndürmə avtomobili və 261 nəfərlik şəxsi heyət cəlb olunub.
Yanğınsöndürənlər və meşə təsərrüfatı əməkdaşları alovun daha geniş əraziyə yayılmasının qarşısını almaq üçün intensiv işlərini davam etdirirlər. Hazırda yanğının nəzarət altına alınması istiqamətində əməliyyatlar fasiləsiz davam edir.