Bildirilib ki, UEFA-ya üzv milli assosiasiyalar FIFA-nın xarici investisiyalar hesabına maliyyələşdiriləcək yeni kommersiya şirkəti yaratmaq təşəbbüsünü müzakirə etmək üçün bu həftə təcili onlayn iclas keçirəcəklər.
UEFA-nın məlumatına görə, FIFA prezidenti Canni İnfantino 20 milyard dollar dəyərində törəmə şirkət yaratmaq və FIFA Forward Enterprise adlı yeni qurumun 20 faizdən çox səhmini sataraq 4,2 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.
Məlumatlarda potensial investorlar arasında ABŞ prezidenti Donald Trampın kürəkəni Coş Kuşnerin rəhbərlik etdiyi Thrive Eternal investisiya qrupunun da adı çəkilir.
UEFA bu planları sərt tənqid edərək bildirib ki, futbolun idarəçiliyi və mənəvi dəyərləri kommersiya predmetinə çevrilə bilməz. Qurum həmçinin qeyd edib ki, layihə milli futbol assosiasiyaları ilə əvvəlcədən müzakirə olunmadan və kifayət qədər şəffaflıq təmin edilmədən hazırlanıb.
"Bu, futbolun idarəedici orqanlarının heç vaxt keçməməli olduğu qırmızı xətdir. Futbolun ruhu və idarəçiliyi satış predmeti deyil. FIFA-nın onu satmaq hüququ yoxdur", – deyə UEFA-nın bəyanatında vurğulanıb.
Canni İnfantino isə tənqidlərə cavab olaraq bildirib ki, islahatlar sayəsində FIFA üzv assosiasiyalarına ayrılan maliyyə vəsaiti əhəmiyyətli dərəcədə artırılacaq. Onun sözlərinə görə, milli federasiyalara infrastruktur və gənclər futbolunun inkişafı üçün ayrılan dəstək 8 milyon dollardan 20 milyon dollara yüksələ bilər.
Qeyd olunub ki, planın təsdiqlənməsi üçün FIFA-nın 211 üzv assosiasiyasının sadə səs çoxluğu kifayət edir. Bununla belə, Avropa ölkələrinin mümkün boykotu dünya çempionatının nüfuzuna və kommersiya dəyərinə ciddi zərbə vura bilər.