Cənubi Qafqazda böyük yarış: KİM TRANZİT MƏRKƏZİNƏ ÇEVRİLƏCƏK?
TRIPP təşəbbüsü, Zəngəzur dəhlizi və Araz marşrutu fonunda Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır.
Politoloq Aytən Qurbanova Ajans.az-a açıqlamasında bildirib ki, qlobal geosiyasətdə əsas rəqabət yollar uğrunda deyil.
Qlobal geosiyasətdə müşahidə olunan transformasiya prosesləri beynəlxalq nəqliyyat-kommunikasiya sistemlərini XXI əsrin ən mühüm strateji alətlərindən birinə çevirib:
"Enerji bazarlarında baş verən dəyişikliklər, geoiqtisadi rəqabətin dərinləşməsi, qlobal təchizat zəncirlərinin şaxələndirilməsi və Avrasiya məkanında yaranan yeni siyasi reallıqlar dövlətləri alternativ tranzit marşrutlarının yaradılmasına və logistika təhlükəsizliyinin gücləndirilməsinə sövq edir.
Belə mürəkkəb beynəlxalq şəraitdə Cənubi Qafqaz artıq yalnız regional əməkdaşlıq məkanı deyil, Avropa ilə Asiyanı birləşdirən və qlobal ticarət axınlarının istiqamətini müəyyən edən əsas geostrateji qovşaqlardan birinə çevrilib. Bu gün regionda həyata keçirilən nəqliyyat layihələrinə yalnız iqtisadi təşəbbüs kimi yanaşmaq düzgün deyil. TRIPP platforması, Azərbaycanın Araz istiqamətində reallaşdırdığı infrastruktur layihələri, Zəngəzur dəhlizinin açılması perspektivi, Ermənistanın Şimal–Cənub nəqliyyat dəhlizi üzrə fəallaşması və Orta Dəhlizin genişlənməsi eyni geosiyasi prosesin müxtəlif istiqamətləridir. Əslində Cənubi Qafqazda gedən əsas rəqabət yollar uğrunda deyil, gələcəyin geoiqtisadi xəritəsində əsas tranzit mərkəzi statusunu qazanmaq uğrundadır.”
A.Qurbanovanın sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarını təmin edən kommunikasiya xətləri deyil, həm də dövlətlərin iqtisadi dayanıqlığını, siyasi nüfuzunu, təhlükəsizlik imkanlarını və beynəlxalq qərarvermə proseslərinə təsir potensialını müəyyən edən strateji resurs hesab olunur.
Politoloq bildirib ki, məhz bu baxımdan TRIPP təşəbbüsü Cənubi Qafqazın yeni nəqliyyat arxitekturasının formalaşdırılmasına xidmət edən mühüm platformadır:
“Layihənin əsas məqsədi Şərq–Qərb istiqamətində yükdaşımaların səmərəliliyini artırmaq, Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirmək, logistika marşrutlarını şaxələndirmək və regionun beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirməkdir. Lakin istənilən beynəlxalq nəqliyyat layihəsinin uğuru ilk növbədə siyasi etimad, hüquqi təminatlar və təhlükəsizlik mühitindən asılıdır. İnfrastruktur tikmək mümkündür, lakin həmin infrastrukturun uzunmüddətli və dayanıqlı fəaliyyəti yalnız sabit regional münasibətlər şəraitində təmin oluna bilər. Ona görə də Cənubi Qafqazda davamlı sülhün bərqərar olması yalnız siyasi deyil, həm də iqtisadi inkişafın əsas şərtidir. Müasir logistika sistemi rəqabət aparan marşrutlar üzərində deyil, qarşılıqlı şəkildə bir-birini tamamlayan nəqliyyat şəbəkələri əsasında inkişaf edir. Azərbaycanın milli maraqları baxımından prioritet müxtəlif layihələrin qarşıdurması deyil, onların inteqrasiyası nəticəsində ölkənin tranzit potensialının maksimum səviyyədə reallaşdırılmasıdır. Bu baxımdan Zəngəzur dəhlizi Azərbaycanın regional nəqliyyat strategiyasının dəyişməz prioriteti olaraq qalır. Azərbaycanın son illərdə Araz istiqamətində həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri isə ölkənin strateji planlaşdırma imkanlarının və milli maraqlara əsaslanan xarici siyasət kursunun praktiki təzahürüdür. Araz marşrutu Azərbaycanın Naxçıvanla etibarlı nəqliyyat əlaqəsinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, Orta Dəhlizin dayanıqlığını artırır, beynəlxalq yükdaşımalar üçün əlavə təhlükəsizlik mexanizmi formalaşdırır və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edir. Alternativ marşrutların mövcudluğu hər hansı dövlətin tranzit imkanlarından siyasi təsir vasitəsi kimi istifadə etmək imkanlarını məhdudlaşdırır.”
A.Qurbanovanın fikrincə, Cənubi Qafqazın nəqliyyat xəritəsinin yenidən formalaşması böyük güclərin maraqlarının da regionda daha intensiv şəkildə toqquşmasına səbəb olur:
“ABŞ və Avropa İttifaqı Avrasiyada enerji və logistika marşrutlarının şaxələndirilməsini strateji təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Türkiyə Orta Dəhlizin inkişafını Türk dünyasının iqtisadi inteqrasiyasının əsas sütunlarından biri hesab edir. İran öz tranzit mövqeyinin zəifləməsinə imkan verməməyə çalışır, Rusiya isə Cənubi Qafqaz üzərində tarixi geosiyasi təsir imkanlarını qorumaq niyyətindədir. Bu maraqların kəsişməsi regionu beynəlxalq rəqabətin mühüm məkanına çevirsə də, eyni zamanda Cənubi Qafqazın geostrateji əhəmiyyətini daha da artırır və Azərbaycanın oynadığı rolu aktuallaşdırır. Belə mürəkkəb geosiyasi mühitdə Azərbaycanın ən mühüm üstünlüyü balanslaşdırılmış xarici siyasəti, etibarlı tərəfdaş statusu, müasir nəqliyyat infrastrukturu və strateji baxışa əsaslanan dövlət idarəçiliyidir."
Onun sözlərinə görə, son iyirmi ildə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələri göstərib ki, tranzit mərkəzi statusu yalnız əlverişli coğrafi mövqedən deyil, həm də ardıcıl siyasi iradədən, institusional potensialdan və beynəlxalq etimaddan qaynaqlanır:
“Bu gün Azərbaycan artıq regional təşəbbüslərin iştirakçısı deyil, onların formalaşdırıcısı və istiqamətləndiricisidir. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması istiqamətində diplomatik fəaliyyətin davam etdirilməsi, Araz marşrutunun texniki imkanlarının genişləndirilməsi, Orta Dəhliz boyunca dəmir yolu, liman və logistika infrastrukturunun modernləşdirilməsi, rəqəmsal gömrük sistemlərinin tətbiqinin sürətləndirilməsi və beynəlxalq tərəfdaşlarla institusional əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın geoiqtisadi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Azərbaycan regional kommunikasiyaların geosiyasi qarşıdurma deyil, qarşılıqlı fayda, iqtisadi inteqrasiya və dayanıqlı inkişaf prinsipləri üzərində qurulmasını təşviq etməklə Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verir."
Onun qənaətincə, Cənubi Qafqazda formalaşan yeni nəqliyyat arxitekturası yaxın onilliklərdə regionun siyasi, iqtisadi və təhlükəsizlik sistemini müəyyənləşdirəcək əsas strateji amillərdən biri olacaq.
“Bu prosesdə üstünlük yalnız daha çox infrastruktur quran dövlətə deyil, etibarlı tərəfdaş imicini qoruyan, uzunmüddətli strateji baxış nümayiş etdirən, regional əməkdaşlığı təşviq edən və qlobal logistika zəncirlərinə yüksək səviyyədə inteqrasiya olunan ölkəyə məxsus olacaq. Azərbaycan isə milli maraqlara əsaslanan praqmatik xarici siyasəti, həyata keçirdiyi irimiqyaslı nəqliyyat layihələri, beynəlxalq etibarı və artan geoiqtisadi çəkisi sayəsində yeni regional geosiyasi nizamın aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirmək üçün bütün zəruri siyasi, iqtisadi və strateji üstünlüklərə malikdir”, – deyə Aytən Qurbanova fikrini yekunlaşdıb.
Mələksəda Ziyad