Wildberries-i Qazaxıstana KÖÇÜRÜLƏCƏK
Rusiyanın ən böyük onlayn ticarət platforması Wildberries Ukraynanın Rusiyadakı logistika mərkəzlərinə dron hücumlarının artmasından sonra Qazaxıstanda iri anbar sahələri axtarmağa başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti daşınmaz əmlak bazarındakı dörd mənbəyə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, şirkət 100 min kvadratmetr sahəyə malik anbar axtarır. Digər mənbə isə bildirib ki, Wildberries Qazaxıstanda mövcud olan bütün uyğun anbar sahələrini icarəyə götürməyə hazırdır.
Nəşrin həmsöhbətlərinin fikrincə, şirkət bu addımla logistika infrastrukturunun bir hissəsini Ukraynanın dron hücumları riskindən qorumağı hədəfləyir.
Bununla belə, Qazaxıstanda uyğun anbar tapmaq asan deyil. NF Group şirkətinin məlumatına görə, 2025-ci ilin sonuna ölkədə yüksək keyfiyyətli logistika sahələrinin ümumi həcmi 1,9 milyon kvadratmetr təşkil edib. Bunun cəmi 5,8 faizi boş olub.
IBC Global şirkətinin idarəedici tərəfdaşı Stanislav Əhmədzyanov bildirib ki, ölkədə 100 min kvadratmetrlik vahid boş anbar bloku yoxdur. Onun sözlərinə görə, 2026-cı ilin iyun ayının sonuna müxtəlif şəhərlərdə ümumilikdə təxminən 130 min kvadratmetr boş sahə mövcud olub.
Mənbələrin bildirdiyinə görə, Wildberries eyni zamanda Rusiyada da logistika infrastrukturunu genişləndirmək imkanlarını nəzərdən keçirir. Lakin anbar sahibləri dron hücumları riskinə görə yeni uzunmüddətli icarə müqavilələri bağlamaqda ehtiyatlı davranırlar.
Şirkət daha əvvəl də standart anbar sığortasının dron hücumları nəticəsində dəyən ziyanı əhatə etmədiyini açıqlamışdı.
Wildberries-in mətbuat xidməti isə bildirib ki, şirkət fəaliyyət göstərdiyi ölkələrdə logistika infrastrukturunun inkişafı üzrə planlı işləri davam etdirir. Hazırda Almatıda sahəsi 100 min kvadratmetrdən çox, Astanada isə 160 min kvadratmetrdən artıq olan logistika mərkəzlərinin tikintisi aparılır.
Şirkət əlavə edib ki, hazırda əsas diqqət malların müxtəlif anbarlar arasında yenidən bölüşdürülməsinə, mal dövriyyəsinin artırılmasına və tərəfdaşların iqtisadi dayanıqlığının təmin edilməsinə yönəlib.