Reklam resmi
Reklam resmi

Rusiya Mərakeşdən benzin idxalına başlayıb

Rusiya Mərakeşdən benzin idxalına başlayıb
Dünya

Rusiya ilk dəfə Mərakeşdən AI-92 markalı benzin idxal edib.

Ajans.az xəbər verir ki, bu barədə sənaye sahəsindəki iki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, təxminən 30 min ton AI-92 benzini daşıyan, Panama bayrağı altında üzən tanker iyulun ortalarında Mərakeşin Tanjer limanında yüklənərək Rusiyanın Murmansk limanına yola düşüb. Hazırda yanacağın boşaldılması prosesi davam edir.

Reuters-in həmsöhbətləri yanacağın tədarükçüsünün "Lukoil" şirkəti olduğunu bildiriblər.

Agentliyin məlumatına görə, Mərakeşdən gətirilən benzin artıq Sankt-Peterburq Əmtəə və Xammal Birjasında satışa çıxarılıb. Alıcılara Murmansk limanındakı Kola stansiyasından dəmir yolu ilə çatdırılan AI-92 markalı benzin təklif olunur.

Reuters qeyd edir ki, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə benzin istehsalı son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Məlumata görə, iyul ayında daxili istehsal ölkənin benzin tələbatının cəmi 65 faizini qarşılayıb, ümumi yanacaq çatışmazlığı isə 700–800 min tona çatıb.

Beləliklə, Mərakeş Rusiyaya benzin ixrac edən üçüncü ölkə olub.

İyulun sonunda Hindistandan benzin daşıyan ilk tanker Murmansk vilayətinin Vitino limanına çatıb. Təxminən 42 min ton yanacaq Vadinar neft emalı zavodundan göndərilib. Daha bir tanker isə Süveyş kanalına doğru hərəkət edir. Məlumata görə, burada yanacaq başqa gəmiyə yüklənərək Rusiyaya çatdırılacaq.

Ümumilikdə, Hindistan Rusiyaya təxminən 100 min ton benzin tədarük etməyə razılıq verib. Hər iki partiyanın göndəricisi "Rosneft"in 49 faiz pay sahibi olduğu Nayara Energy şirkətidir.

Reuters-in məlumatına görə, iyulun ortalarında Rusiya neft şirkətləri benzin tədarükünün artırılması üçün Hindistanın neft emalı zavodlarına müraciət etsələr də, dövlətə məxsus Hindistan neft şirkətləri bu təklifi qəbul etməyiblər.

Bundan başqa, Qazaxıstanın Kondensat neft emalı zavodu da Rusiyaya təxminən 10 min ton benzin göndərib. Reuters bildirir ki, Qazaxıstan humanitar yardım çərçivəsində Rusiyaya ümumilikdə 50 min ton benzin tədarük etməyə razılıq verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya benzin

Digər Xəbərlər