Lukaşenkoya inək heykəli hədiyyə edildi
Belarusun ən böyük süd məhsulları istehsalçılarından biri olan "Savushkin Product" şirkəti Prezident Aleksandr Lukaşenkoya Müstəqillik Sarayında quraşdırılması nəzərdə tutulan inək heykəli hədiyyə edib.
Ajans.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinə yaxınlığı ilə tanınan "Pool Pervyi" Telegram kanalı məlumat yayıb.
Kanalın paylaşımında bildirilir ki, heykəlin hazırlanması Lukaşenkonun ötən il səsləndirdiyi təşəbbüsdən sonra həyata keçirilib.
"Pool Pervyi dedi ki, inəyə abidə olmalıdır. Deyilən söz dərhal yerinə yetirilməlidir", – paylaşımda qeyd olunub.
Yayımlanan fotolarda boynunda şirkətin adı həkk olunmuş zəng olan inək heykəli əks olunub.
Xatırladaq ki, Aleksandr Lukaşenko 2024-cü ilin oktyabrında inəklərə abidə qoyulmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu heyvanlar Böyük Vətən Müharibəsi illərində partizanların və uşaqların sağ qalmasına kömək edib. Belarus lideri əlavə edib ki, inəklər bu gün də insanları ərzaqla təmin etdikləri üçün belə bir ehtirama layiqdirlər.
Lukaşenko daha əvvəl də heyvandarlıq təsərrüfatlarında mal-qaraya lazımi qayğı göstərilməməsini sərt tənqid edib və mal-qaranın tələf olmasını mənəvi məsuliyyətsizliyin göstəricisi adlandırıb.
Bu ilin iyun ayında isə Minsk vilayətində yerləşən südçülük təsərrüfatına səfəri zamanı Lukaşenkoya Musya adlı Cersi cinsindən olan inək hədiyyə edilmişdi.