Xirosimada atom bombasının yeni sirri üzə çıxdı
Yaponiyanın Xirosima şəhərində atom bombası partlayışının baş verdiyi ərazidən götürülmüş torpaq nümunələrində elmə əvvəllər məlum olmayan yeni maddə aşkar edilib.
Ajans.az xəbər verir ki, bu barədə Science Advances jurnalında dərc olunan tədqiqatda məlumat verilib.
Alimlər beş metaldan ibarət nizamlı kristal quruluşa malik yeni formalaşmanı "xiroşimait" (hiroshimaite) adlandırıblar.
Yeni maddə Florensiya Universitetinin geoloqu və kristalloqrafı Luka Bindi tərəfindən aşkarlanıb. O, diametri təxminən 10 mikrometr olan mikroskopik kürəciklərdən ibarətdir. Hər bir kürəcikdə dəmir, nikel, silisium, alüminium və digər metallardan ibarət beş və ya daha çox element vahid kristal qəfəsində birləşib.
Tədqiqat müəllifləri bildirirlər ki, bu cür yüksək nizamlı quruluşa malik çoxkomponentli metal ərintiləri təbiətdə son dərəcə nadir hallarda rast gəlinir.
Alimlərin fikrincə, xiroşimait 1945-ci il avqustun 6-da Xirosimaya atılan atom bombasının partlayışı nəticəsində yaranıb. Partlayış zamanı temperaturun 7 min dərəcədən çox olduğu, ətrafdakı materialların buxarlandığı bildirilir. Sonradan bu maddələr soyuyaraq kiçik damcılara çevrilib və kristal kürəciklər şəklində şəhər ərazisinə yayılıb.