Şimali Koreya narahat edən bəyanat YAYDI
Şimali Koreya Yaponiyada ABŞ hərbi qüvvələrinin gücləndirilməsinin Koreya yarımadasında silahlı münaqişə riskini artırdığını bəyan edib.
Ajans.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-ın Yaponiyadakı hərbi qərargahının genişləndirilməsi bölgədə gərginliyi daha da artırır və yeni münaqişə ehtimalını yüksəldir.
"Rəqiblərin özlərinin də etiraf etdiyi kimi, bu gün Koreya yarımadasında silahlı toqquşmanın baş verib-verməyəcəyi deyil, nə vaxt baş verəcəyi məsələsi gündəmdədir", – deyə KCNA-nın yaydığı məlumatda bildirilir.
Şimali Koreya tərəfi iddia edir ki, ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı Vaşinqtonun regiondakı müttəfiq ölkələrinin silahlı qüvvələrini əlaqələndirən "müharibə komandanlığına" çevrilir.
Məlumatda həmçinin qeyd olunur ki, ABŞ uzunmüddətli və yüksək intensivlikli hərbi əməliyyatlar aparmaq imkanlarını genişləndirməyə çalışır.