Ukrayna daha iki Wildberries anbarına HÜCUM ETDİ
Ukrayna iyulun 31-nə keçən gecə Rusiyanın Volqoqrad vilayətinə kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. Hücum nəticəsində Wildberries şirkətinin daha bir logistika mərkəzi və neft emalı zavodu hədəfə alınıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, PUA hücumu nəticəsində Volqoqradın cənubunda yerləşən yanacaq-enerji kompleksinə aid sənaye müəssisəsində, eləcə də Dzerjinski rayonundakı anbarlarda yanğın baş verib.
Bundan əlavə, Volqoqradda çoxmənzilli yaşayış binasına və Krasnoarmeyski rayonundakı fərdi evə ziyan dəyib. Hadisə nəticəsində beş nəfər xəstəxanaya yerləşdirilib.
Wildberries şirkəti də logistika mərkəzinin zərbə aldığını təsdiqləyib.
"Yanğın baş verib. Yanğınsöndürmə briqadaları hadisə yerindədir. İlkin məlumata görə, xəsarət alan yoxdur", – şirkətin mətbuat xidməti bildirib.
"Astra" nəşrinin məlumatına görə, hücumun digər hədəfi ildə 14,8 milyon ton neft emalı gücünə malik "Lukoil-Volqoqradneftepererabotka" neft emalı zavodu olub. Bildirilir ki, bu müəssisə may ayının sonunda da PUA hücumuna məruz qalmış və bundan sonra fəaliyyətini müvəqqəti dayandırmışdı.
Bir gün əvvəl Ukrayna dronları Tatarıstana da hücum edib. Zelenodolsk sakinləri bir neçə partlayış səsi eşitdiklərini bildiriblər. Ukraynanın Exilenova+ monitorinq kanalının məlumatına görə, zərbə Wildberries-in logistika kompleksinə dəyib. Səhər saatlarında obyektin üzərində tüstü müşahidə olunub.
Qeyd edək ki, həmin anbar iyulun 23-də də PUA hücumuna məruz qalmışdı, lakin ciddi ziyan almamışdı.
Bundan başqa, Nijnekamsk şəhərində 30-dan çox partlayış qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, Nijnekamsk Neft Emalı Zavodu istiqamətində alov müşahidə edilib.
İyulun 30-da isə Ukrayna dronları Penza vilayəti, Udmurtiya və Perm diyarında yerləşən üç Wildberries logistika mərkəzinə hücum etmişdi. Həmin obyektlərdə yanğın baş vermiş, Penza yaxınlığındakı anbarın bir əməkdaşı yaralanmışdı.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri iyulun 18-dən etibarən Wildberries-in logistika infrastrukturuna zərbələr endirməyə başlayıb. Son iki həftə ərzində şirkətin azı 18 paylama mərkəzi hücuma məruz qalıb və ümumi anbar tutumunun 15 faizdən çoxunun sıradan çıxdığı bildirilir.
Ukraynanın Rusiyanın neft emalı zavodlarına qarşı PUA hücumları ötən ilin avqust ayından davam edir. İyulun 29-da Permdə yerləşən "Lukoil" neft emalı zavodu da hücuma məruz qalıb. Reuters agentliyinin mənbələrinə görə, bundan sonra müəssisə istehsal gücünün təxminən üçdə birini dayandırıb.
Həmin gün "Rosneft" şirkətinə məxsus Ryazan Neft Emalı Zavodu da hücuma məruz qalıb və neft emalını dayandırıb.
Financial Times qəzetinin məlumatına görə, son aylarda hücuma məruz qalan 26 neft emalı zavodundan yalnız səkkizi iyulun sonuna qədər fəaliyyətini tam bərpa edə bilib.