Çində Elon Maskın "əkizini" TAPDILAR
Çində Elon Maska bənzər görünüşü ilə diqqət çəkən bir aşpaz sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Ajans.az South China Morning Post qəzetinə istinadən xəbər verir ki, Şensi əyalətinin Tonqçuan şəhərində yaşayan 48 yaşlı aşpaz Ma Jianping təsadüfən yayılan video sayəsində məşhurlaşıb.
Barbekü restoranının həmtəsisçisi olan Ma Jianping "Tesla" və X platformasının sahibi Elon Maska o qədər bənzəyir ki, müştəriləri bu oxşarlığı video yayılmazdan əvvəl də qeyd edirdilər. Video Çin sosial şəbəkəsi Douyin-də yayımlandıqdan sonra isə yüzlərlə insan onun restoranına axışaraq şəkil çəkdirib və "Çin Mask"ı adlandırılan aşpazla görüşməyə çalışıb.
Bundan sonra restoranın ziyarətçi sayı iki dəfə artıb. Lakin Ma Jianping qəfil populyarlığın onu utandırdığını və narahat etdiyini bildirib.
Onun sözlərinə görə, artıq 10-dan çox şirkət və şəxs əməkdaşlıq təklifi ilə müraciət edib. Bununla belə, aşpaz gündə təxminən 15 saat çalışdığı restoran işinə üstünlük verdiyi üçün bütün təklifləri rədd edib.
Ma Jianping bildirib ki, artan marağa baxmayaraq, restoranın qiymətlərində heç bir dəyişiklik edilməyib.
Sosial şəbəkə istifadəçiləri onunla bağlı çoxsaylı memlər hazırlayır, restoranın adının "SpaceX Barbecue" olaraq dəyişdirilməsini təklif edir və onu mətbəxdə Nvidia və Apple rəhbərləri ilə birlikdə təsvir edən fotomontajlar paylaşırlar.
Elon Mask isə hələlik ona bənzəyən aşpazla bağlı yayılan görüntülərə münasibət bildirməyib.