ABŞ-də məktəbdə atışma törədən yeniyetmənin atası 15 il həbs cəzası aldı
ABŞ-nin Corciya ştatında Apalaçi Liseyində baş vermiş ölümcül atışmada istifadə olunan silahı oğluna verdiyi üçün Kolin Qrey 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ajans.az Associated Press agentliyinə istinadən xəbər verir ki, Corciya ştatının məhkəməsi Kolin Qreyi məktəbdə baş verən kütləvi atışma ilə əlaqədar təqsirli bilərək 15 il həbs cəzasına məhkum edib.
Onun 16 yaşlı oğlu Kolt Qrey daha əvvəl dörd nəfərin qətlinə görə şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası alıb.
Faciə 4 sentyabr 2024-cü ildə Atlantadan təxminən 70 kilometr şimal-şərqdə yerləşən Apalaçi Liseyində baş verib. Hadisə nəticəsində 14 yaşlı şagirdlər Meyson Şermerhorn və Kristian Anqulo, həmçinin müəllimlər – 39 yaşlı Riçard Aspinvall və 53 yaşlı Kristina İrimie həyatını itirib. Daha bir müəllim və səkkiz şagird yaralanıb.
Məhkəmə Kolin Qreyi şagirdlərin ölümü ilə bağlı ikinci dərəcəli qətldə, müəllimlərin ölümü ilə bağlı isə qəsdən adam öldürmədə təqsirli bilib. Prokurorluğun məlumatına görə, hücum zamanı istifadə edilən yarımavtomat tüfəngi, eləcə də sursat və digər ləvazimatları oğluna məhz o verib.
Qurbanların yaxınları faciənin qarşısının alına biləcəyini bildirərək, məhkəmədən mümkün olan ən ağır cəzanın verilməsini istəyiblər.
Həlak olan müəllim Riçard Aspinvallın həyat yoldaşı Şayna Aspinvall çıxışında bildirib ki, atışmanı birbaşa Kolin Qrey törətməsə də, silahı azyaşlı oğluna verməklə faciəyə şərait yaradıb.
Prokurorların sözlərinə görə, Kolin Qrey Milad bayramı münasibətilə oğluna yarımavtomat tüfəng, sursat, optik nişangah və digər avadanlıqlar hədiyyə edib. İstintaqın məlumatına əsasən, yeniyetmə silahı məktəbə gizli şəkildə gətirib, daha sonra dəhlizdə və sinif otaqlarından birində atəş açıb.
Müstəntiqlər həmçinin bildiriblər ki, Kolt Qrey hücumdan əvvəl psixi problemlərin əlamətlərini nümayiş etdirirdi və məktəblərdə kütləvi atışmaları müzakirə edən onlayn qruplarda iştirak edirdi.
Kolin Qreydən boşanan həyat yoldaşı Marsi Qrey isə istintaqa ifadəsində keçmiş ərini dəfələrlə silahları uşaqların əli çatmayan yerdə saxlamağa çağırdığını bildirib.
Müdafiə tərəfi Kolin Qrey üçün 10 il həbs və sonradan şərti azadlıq istəyib. Prokurorluq isə onun aşkar təhlükə əlamətlərini görməzlikdən gəldiyini əsas gətirərək 80 il həbs cəzası tələb edib.
Bu hadisə ABŞ-da valideynlərin övladlarının törətdiyi kütləvi atışmaya görə cinayət məsuliyyətinə cəlb olunduğu nadir işlərdən biri hesab olunur. Oxşar presedent 2021-ci ildə Miçiqan ştatının Oksford Liseyində baş vermiş atışmadan sonra yaradılmışdı. Həmin hadisədə yeniyetmənin hər iki valideyni adam öldürməyə görə 10 il həbs cəzasına məhkum edilmişdi.
Hakim qərarını açıqlayarkən bildirib ki, belə işlər hüquqi baxımdan mürəkkəb olsa da, valideynlər övladlarının təhlükəli davranışlarını görməzlikdən gəldikdə və bunun qarşısını almaq üçün tədbir görmədikdə cinayət məsuliyyəti daşıya bilərlər.