Mənbələrin sözlərinə görə, Netanyahu eyni zamanda vurğulayıb ki, İranın İsrailə hücumu halında ölkəsi cavab vermək hüququnu özündə saxlayır. O, həmçinin İsrailin İranla bağlı əldə etdiyi yeni kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmağa davam edəcəyini bildirib.
AP-nin məlumatına görə, Netanyahu Vaşinqtonun İranla bağlı qərarlar qəbul edərkən ABŞ-ın Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini də nəzərə alacağını anladığını qeyd edib. Baş nazir Trampa İsrailin İran məsələsində ABŞ-a tam etibar etdiyini və onun qəbul edəcəyi qərarları dəstəkləyəcəyini də çatdırıb.
Bundan əvvəl Al-Monitor nəşri mənbələrə istinadən yazmışdı ki, Netanyahu Ağ Evdəki görüş zamanı ABŞ prezidentinə İran ərazisinə mümkün yeni zərbələrlə bağlı planları təqdim etməyi nəzərdə tutur. Məlumata görə, müzakirələr İranın sənaye obyektləri, körpüləri və dəmir yolu infrastrukturuna potensial hücumlar ətrafında aparılıb.
Qeyd edək ki, ABŞ və İran arasında son gərginlik iyulun 8-də yenidən alovlanıb. Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə ABŞ qüvvələri İran ərazisinə bir neçə zərbə endirib. ABŞ bunu Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab kimi izah edib.
Buna cavab olaraq İran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omandakı ABŞ hədəflərinə hücumlar həyata keçirib. İyulun 24-də isə tərəflər hərbi əməliyyatları dayandırıblar.