Rusiyada daha bir Wildberries anbarı VURULDU
Rusiyanın Ryazan şəhəri yaxınlığında yerləşən Wildberries şirkətinə məxsus logistika anbarı Ukrayna dronlarının hücumu nəticəsində yanğına məruz qalıb.
Ajans.az xəbər verir ki, bu barədə Astra və Exilenova+ Telegram kanalları məlumat yayıb. Kanallar hadisə yerindən çəkilmiş foto və videogörüntüləri dərc ediblər.
Məlumata görə, hücuma məruz qalan anbar Ryazan Sənaye Parkında, Tyuşevo kəndi yaxınlığında yerləşir.
Wildberries şirkətinin mətbuat xidməti Telegram-da bildirib ki, Ryazandakı logistika mərkəzi təhlükəsizlik qaydalarına uyğun olaraq təxliyə edilib.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov isə Telegram kanalında PUA qalıqlarının sənaye zonalarına düşməsi nəticəsində yanğınların baş verdiyini açıqlayıb. O, zərər çəkmiş müəssisələrin adlarını açıqlamayıb.
Qubernatorun sözlərinə görə, hadisə nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı, zərərçəkənlərə lazımi tibbi yardımın göstərildiyi bildirilib.