Yaponiyada zəlzələdən ölənlərin sayı 13-ə çatıb
Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş verən silsilə güclü zəlzələlər nəticəsində azı 13 nəfər ölüb, çox sayda insan isə xəsarət alıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində binalar dağılıb, yanğınlar baş verib və yollar ciddi zədələnib.
NHK telekanalının məlumatına görə, Kumamoto prefekturasının rəsmiləri ilkin olaraq üç nəfərin öldüyünü, beş nəfərin ürək dayanması keçirdiyini və 31 nəfərin yaralandığını açıqlayıblar. Sonradan ölənlərin sayı 13-ə yüksəlib.
Zəlzələdən sonra Kaqoşima prefekturasının Kaşima şəhərində yerləşən ticarət mərkəzində qaz partlayışı baş verib. Kyodo News agentliyinin məlumatına görə, partlayış nəticəsində binanın ikinci mərtəbəsi çöküb.
Hadisə yerində gecə boyu axtarış-xilasetmə işləri aparılıb. İki nəfərin həlak olduğu təsdiqlənib. Hər iki qurbanın 20 yaşlarında qadın olduğu bildirilib. Daha bir nəfərin ürək dayanması keçirdiyi, xilas edilən digər şəxslərin isə yüngül xəsarətlər aldığı qeyd olunub. Binanın çökməsindən əvvəl təxminən 200 nəfər təxliyə edilib.
Zəlzələdən zərər görən Nippon Paper Industries şirkətinə məxsus Yatsuşiro şəhərindəki zavodda da baca uçub. Hadisə nəticəsində iki nəfərin ürək dayanması keçirdiyi bildirilib.
Kumamoto prefekturasının hakimiyyət orqanları hazırda doqquz nəfərin itkin düşdüyünü açıqlayıb.
Təbii fəlakət nəqliyyat və enerji infrastrukturuna da təsir göstərib. Şinkansen sürət qatarlarının hərəkəti dayandırılıb, Japan Airlines 11, All Nippon Airways isə iki reysi ləğv edib.
Bundan başqa, Kyushu Electric Power şirkətinin məlumatına görə, Kumamoto prefekturasında təxminən 37 min ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Qeyd edək ki, seysmoloqlar çərşənbə axşamı Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar. Ən güclü yeraltı təkanlar Uki və Kikava şəhərlərində hiss olunub.