ABŞ-nin Luiziana ştatında yaşayan Cimmi Dunkan saxtalaşdırılmış sübutlar əsasında məhkum edildikdən sonra 27 il ölüm kamerasında keçirib.
Ajans.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bildirilib ki, hazırda 57 yaşı olan Dunkan sevgilisinin azyaşlı övladının qətli və zorlanmasında təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O isə bütün bu illər ərzində özünü günahsız hesab etdiyini bildirərək hökmə etiraz edib.
İşin gedişi əsas sübutlardan biri ilə bağlı sensasion videomaterialın ortaya çıxmasından sonra dəyişib. Araşdırma zamanı məhkəmədə təqdim olunan dişləmə izi ekspertizasının saxtalaşdırıldığı üzə çıxıb.
Nəticədə Luiziana Ali Məhkəməsi yekdilliklə əvvəlki hökmü ləğv edib və Cimmi Dunkanın işinə yenidən baxaraq onun azadlığa buraxılmasına qərar verib.
Bundan əvvəl Böyük Britaniyada da oxşar hadisə yaşanıb. Apellyasiya Məhkəməsi qətldə haqsız yerə təqsirləndirilən və 38 il həbsdə qalan 68 yaşlı Piter Sallivanı bəraət qazandırıb. O, məhkəmə-tibbi materiallar üzərində aparılan yeni DNT ekspertizası nəticəsində günahsız olduğunu sübut edib. Bu hadisə Böyük Britaniya tarixində ən uzun sürən məhkəmə ədalətsizliklərindən biri hesab olunur.