Reklam resmi
Reklam resmi

Yanukoviç Rusiyada saxta soyad altında yaşayır

Yanukoviç Rusiyada saxta soyad altında yaşayır
Dünya

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyanın Soçi şəhərində saxta soyad altında yaşayır.

Ajans.az xəbər verir ki, bu barədə Toronto Televiziyasının jurnalist araşdırmasında bildirilir.

Araşdırmaya görə, Yanukoviç həyat yoldaşı Lyubov Polejay ilə birlikdə Soçidə yerləşən mülkdə məskunlaşıb və ehtimal olunur ki, Abxaziyaya səfərləri zamanı Oleq Nikolayeviç Leonov adına tərtib edilmiş sənədlərdən istifadə edir. Məlumata əsasən, Rusiya məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə üst-üstə düşür. Bundan başqa, qaçmış siyasətçinin anasının qızlıq soyadının da Leonova olduğu qeyd edilir. Jurnalistlər bu şəxs barədə başqa məlumat əldə edə bilmədiklərini bildiriblər.

İstintaq müəlliflərinin iddiasına görə, Yanukoviçin ailəsi Rusiyada yaşadığı illər ərzində yüzlərlə hektar torpaq sahəsi, onlarla daşınmaz əmlak əldə edib və bank hesablarına milyonlarla dollar köçürülüb.

Bildirilir ki, sabiq prezidentin oğlu Aleksandr həyat yoldaşı və iki övladı ilə birlikdə Sokolov soyadı altında yaşayır. Lyubov Polejay isə soyadını qızlıq soyadı olan Sadıkova ilə əvəz edib.

Araşdırmada qeyd olunur ki, Polejayın sosial şəbəkə hesablarında paylaşılan fotolar Soçinin Yesaulenko küçəsində yerləşən "Qreys" adlı malikanənin görüntüləri ilə üst-üstə düşür. Təxminən üç hektar ərazini əhatə edən kompleksdə bir neçə yaşayış evi, istixana, bağ, ibadətgah və gölməçə yerləşir. Bundan əlavə, Sadıkovanın adına yaxınlıqda böyük torpaq sahəsi və istifadəsiz pansionatın da qeydiyyatda olduğu bildirilir.

İddialara görə, Yanukoviç və ailəsinin mühafizəsini Ukrayna Dövlət Qvardiyasının keçmiş əməkdaşları həyata keçirir. Onların ölkədən qaçdıqdan sonra Rusiya Federal Mühafizə Xidmətində işləməyə başladıqları və Ukraynada axtarışda olduqları qeyd olunur.

Araşdırmada həmçinin bildirilir ki, Lyubov Sadıkova 2015–2025-ci illərdə rəsmi olaraq aylıq təxminən 50 min rubl əməkhaqqı ilə kənd təsərrüfatı kompleksində menecer kimi qeydiyyatda olsa da, jurnalistlər bu vəzifənin formal xarakter daşıdığını iddia edirlər.

İstintaqın məlumatına görə, həmin dövrdə Sadıkova 337 hektar kənd təsərrüfatı təyinatlı torpaq alıb, daha sonra həmin sahələri eyni kompleksə icarəyə verərək dörd il ərzində 50 milyon rubldan çox gəlir əldə edib. Daşınmaz əmlak satışından isə təxminən 14 milyon rubl qazandığı bildirilir.

Araşdırma müəlliflərinin hesablamalarına əsasən, Rusiyada olduğu müddətdə Sadıkova ümumilikdə 370 hektardan çox torpaq sahəsinə və 2 400 kvadratmetrdən artıq daşınmaz əmlaka, o cümlədən beş mənzilə, beş yaşayış evinə və dörd digər obyektə sahib olub.

Bundan başqa, Yanukoviçin gəlininin Moskva yaxınlığındakı elit "Benilüks" yaşayış kompleksində də daxil olmaqla, ümumilikdə 27 min kvadratmetrdən çox daşınmaz əmlak əldə etdiyi qeyd edilir. Araşdırmaya görə, 2024-cü ildə onun bank hesablarında təxminən 3,5 milyon dollar, Yanukoviçin oğlu Viktorun hesablarında isə təxminən 5 milyon dollar vəsait olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Viktor Yanukoviç Rusiya

Digər Xəbərlər