Bu ölkədə HÜCUM: 11 polis HƏLAK OLDU
Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Hanqu rayonundakı Xazina polis məntəqəsinə iyulun 30-na keçən gecə silahlı hücum edilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlılar arasında təxminən bir saat davam edən qarşıdurma baş verib.
Rəsmi məlumata əsasən, hücum nəticəsində 11 polis əməkdaşı həlak olub, 20-dən çox polis yaralanıb.
Təhlükəsizlik qüvvələri qarşıdurma zamanı 15 silahlını zərərsizləşdirdiklərini bildiriblər.
Məlumata görə, hücum edənlər ağır silahlardan istifadə ediblər. Hadisə yerinə göndərilən əlavə qüvvələr isə pusquya düşüb və nəticədə zirehli personal daşıyıcısı zədələnib.
Hələlik heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, əsas şübhələr son aylarda Pakistanın təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını xeyli artıran Təhriki-Taliban Pakistan (TTP) hərəkatı üzərində cəmləşib.