ABŞ hərbçilərinin telefonları müsadirə OLUNACAQ
İordaniyada yerləşən ABŞ hərbi bazasında xidmət edən bəzi hərbçilərin mobil telefonları yaxın günlərdə müsadirə oluna bilər.
Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu addım İranın mümkün hücumları zamanı hərbçilərin paylaşdığı foto və videoların ABŞ hərbi obyektlərinin müəyyən edilməsinə kömək edə biləcəyi ilə bağlı narahatlıqlardan irəli gəlir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib ki, İran hücumların nəticələrini demək olar ki, real vaxt rejimində izləyə bilir. Onun sözlərinə görə, Tehran jurnalistlərin və hərbçilərin mobil telefonlarından yayımlanan foto, video və digər məlumatları, eləcə də onlayn nəşrləri təhlil edərək ABŞ hədəfləri barədə əlavə informasiya əldə edə bilər.
CENTCOM-un sözçüsü kapitan Timoti Hokins isə Kuperin açıqlamasının ABŞ hərbçilərinə əməliyyat təhlükəsizliyinin qorunmasının vacibliyini xatırlatmaq məqsədi daşıdığını bildirib.