Netflix ulduzu ekzotik menyusuna görə HƏBS EDİLƏCƏK
Netflix-in "Culinary Class Wars" kulinariya şousunun ulduzu, avstraliyalı aşpaz Cozef Lidcervud Cənubi Koreyada fəaliyyət göstərən Evett restoranında qeydiyyatdan keçməmiş həşəratlardan istifadə etdiyinə görə istintaqa cəlb olunub.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki,Cənubi Koreya prokurorluğu aşpazın bir il müddətinə azadlıqdan məhrum edilməsini, restoranın idarəedici şirkətinin isə 20 milyon von (təxminən 15 min ABŞ dolları) məbləğində cərimələnməsini tələb edib.
İstintaq materiallarına əsasən, Seulun Qanqnam rayonunda yerləşən restoran 2021-ci ildən etibarən müştərilərə təqdim etdiyi desertlərdə ümumilikdə təxminən 49 min qarışqadan istifadə edib.
Məlumata görə, hüquq-mühafizə orqanları restoranı sosial şəbəkələrdə yayılan qeyri-adi desert fotoları vasitəsilə müəyyən ediblər.
Cənubi Koreya qanunvericiliyinə əsasən, yalnız dövlət tərəfindən təsdiqlənmiş 10 növ həşəratın qida kimi istifadəsinə icazə verilir. Digər həşəratlardan istifadə üçün isə səlahiyyətli qurumlardan xüsusi icazə alınmalıdır. İstintaqın məlumatına görə, Evett restoranı belə bir icazə əldə etməyib.
Bundan başqa, aparılan laborator müayinələr zamanı restoranda istifadə edilən qarışqalarda yeməli həşəratlar üçün müəyyən edilmiş normadan 55 dəfəyədək artıq ağır metallar aşkar edilib. Mütəxəssislər bildirirlər ki, qurğuşun və arsen kimi maddələrin yüksək konsentrasiyası insan sağlamlığı üçün ciddi risk yarada bilər.
Restoran rəhbərliyi və aşpaz Cozef Lidcervud isə ittihamlarla razılaşmayaraq bildiriblər ki, o, daha əvvəl ABŞ və Avropada işləyərkən də yeməklərdə qarışqalardan istifadə edib və Cənubi Koreyanın qida təhlükəsizliyi ilə bağlı tələblərinin sərtliyindən xəbərsiz olub.
Onların sözlərinə görə, qarışqalar 15 yeməkdən ibarət dequstasiya menyusunda yalnız bir desertin bəzəyi kimi istifadə edilib. Müştərilərə əvvəlcədən məlumat verilib və istəməyənlər üçün fermentləşdirilmiş sirkə və yeməli çiçəklərdən ibarət alternativ təqdim olunub.
Məhkəmənin bu iş üzrə qərarını sentyabrın 2-də açıqlayacağı gözlənilir.