Rubio və Lavrov müharibənin taleyini müzakirə etdi
ABŞ dövlət katibi Marco Rubio Filippinin paytaxtı Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Ukraynadakı müharibəyə son qoyulmasının vacibliyini müzakirə etdiyini bildirib.
Ajans.az xəbər verir ki, Rubio bu barədə sosial şəbəkədəki paylaşımında məlumat verib.
Onun sözlərinə görə, görüş Filippində keçirilən ASEAN Xarici İşlər Nazirlərinin illik toplantısı çərçivəsində baş tutub.
"Bu gün ASEAN Nazirlər Görüşü çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdüm. ABŞ-Rusiya münasibətlərini, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoyulmasının vacibliyini müzakirə etdik", – deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi danışıqların təfərrüatlarını açıqlamayıb.
AP agentliyinin məlumatına görə, görüşdən əvvəl jurnalistlər Rubio və Lavrova Rusiyanın İrana ABŞ obyektləri ilə bağlı məlumat ötürməsi və Ukraynadakı müharibənin nə vaxt başa çatacağı barədə suallar ünvanlasalar da, tərəflər bu sualları cavabsız qoyublar.
Lavrov əvvəlcə suallara cavab verməyərək jurnalistlərdən səslərini ucaltmağı istəyib. Görüşdən sonra isə ona Rusiyanın İrana ABŞ hərbi obyektlərinə hücumla bağlı kömək edib-etmədiyi yenidən soruşulub. Rusiya XİN başçısı suala cavab vermək əvəzinə jurnalistə "Gözəl saç düzümünüz var" deməklə kifayətlənib.