Fransada meşə yanğını sürətlə YAYILIR
Fransanın qərbində, Jironde departamentində baş verən genişmiqyaslı meşə yanğını artıq 2 min hektar ərazini əhatə edib. Təbii fəlakət səbəbindən ehtiyat tədbiri olaraq təxminən 12 min nəfər təxliyə edilib.
Ajans.az BFMTV telekanalına istiandən xəbər verir ki, yanğın əvvəlcə Somaux kommunası yaxınlığında, Arkaşon körfəzinin şimalındakı meşəlik ərazidə başlayıb. Çərşənbə axşamı alovun əhatə etdiyi sahə 900 hektar olsa da, güclü külək və isti hava şəraiti səbəbindən yanğın qısa müddətdə genişlənərək 2 min hektara çatıb.
Hazırda alov Lège-Cap-Ferret kommunasına qədər yayılıb və Kap-Ferre yarımadasına giriş-çıxış faktiki olaraq dayandırılıb. Cümə axşamı səhərinə olan məlumata görə, yanğın hələ də nəzarət altına alınmayıb.
Lège-Cap-Ferret şəhərinin meri Filipp Le Arivel bildirib ki, yarımadaya gəlmək istəyən turistlərə geri qayıtmaq tövsiyə olunur, çünki əraziyə giriş mümkün deyil.
Onun sözlərinə görə, hazırda yarımadanın tam təxliyəsi planlaşdırılmır. Bununla belə, daimi yaşamayan şəxslərin yerləşdiyi bəzi düşərgələrdən insanların köçürülməsi imkanları nəzərdən keçirilir.
Nuvel-Akvitaniya regional prefekturası və Jironde departamentinin administrasiyasının məlumatına əsasən, yanğının söndürülməsinə 1000-ə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub. Əməliyyatda həmçinin dörd iri yanğınsöndürmə təyyarəsi və dörd yüngül aviasiya vasitəsi iştirak edir.
Hazırda yanğınsöndürənlər uzunluğu təxminən 30 kilometrə çatan alov cəbhəsini nəzarət altına almağa çalışırlar.