ABŞ müdafiə naziri Bayden administrasiyasını kəskin tənqid etdi
ABŞ-nin müdafiə naziri Pit Heqset keçmiş prezident Co Bayden administrasiyasını Ukraynaya silah tədarükü fonunda ABŞ ordusunun ehtiyaclarını kifayət qədər nəzərə almamaqda ittiham edib.
Ajans.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Senatda keçirilən dinləmələr zamanı çıxış edən Heqset bildirib ki, Bayden administrasiyası ABŞ Silahlı Qüvvələrinin ehtiyacları hesabına Ukraynaya silah göndərib. Onun sözlərinə görə, əvvəlki administrasiya dövründə orduya kifayət qədər maliyyə ayrılmayıb, bir sıra vacib təmir və modernləşdirmə işləri isə təxirə salınıb.
Heqset iddia edib ki, Bayden administrasiyası ölkəni "fəlakətli" büdcə idarəçiliyi ilə tərk edib və hazırda həmin vəsaitlərə ABŞ-ın milli təhlükəsizliyinin təmin olunması üçün ciddi ehtiyac var.
Pentaqon rəhbəri əlavə edib ki, Konqres əlavə maliyyələşdirməni təsdiqləməzsə, mövcud və gələcək hərbi hazırlıq proqramlarının bir hissəsinin ixtisar edilməsi qaçılmaz olacaq. Onun sözlərinə görə, tələb olunan vəsait ayrılarsa, bu, ABŞ-ın hərbi üstünlüyünü qoruyub saxlamasına xidmət edəcək uzunmüddətli strateji investisiya olacaq.
Xatırladaq ki, Pit Heqset aprel ayında Konqresdə keçirilən dinləmələr zamanı ABŞ-ın Ukraynaya göstərdiyi ümumi yardımın həcmini təxminən 300 milyard dollar olaraq qiymətləndirmişdi. O, konqresmen Karlos Ximenezin sualını cavablandırarkən Bayden administrasiyasını Kiyevə genişmiqyaslı silah yardımı göstərdiyinə görə də tənqid etmişdi.