Rusiyada pilot və stüardessa sərxoş halda uçuşa gəliblər
Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin ikinci pilotu və baş stüardessası qanlarında alkoqol aşkar edildiyi üçün reysə buraxılmayıblar.
Ajans.az xəbər verir ki, bu barədə Ural Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə Moskva–Krasnodar marşrutu üzrə həyata keçirilməsi planlaşdırılan və göyərtəsində 162 sərnişin olan reysdən əvvəl baş verib. Uçuşqabağı yoxlama zamanı ikinci pilotun gözlərinin qızardığı və üzərindən spirt iyi gəldiyi müəyyən edilib. Alkotester müayinəsi onun qanında alkoqol səviyyəsinin litr başına 0,18 milliqram olduğunu göstərib.
Baş stüardessanın da vəziyyəti şübhə doğurduğundan o, yoxlamadan keçirilib. Müayinənin nəticələrinə əsasən, onun qanında litr başına 0,3 milliqram alkoqol aşkarlanıb.
Qüvvədə olan qaydalara əsasən, uçuş heyətinin üzvləri yalnız qanlarında alkoqolun səviyyəsi sıfır olduqda reysə buraxılır. Buna görə də hər iki əməkdaş uçuşdan kənarlaşdırılıb.
Məlumata görə, hadisədən sonra ikinci pilot işdən çıxarılıb. Stüardessanın isə uçuşlara buraxılmaması barədə qərar qəbul edilib. Aviaşirkətə bu hadisə ilə bağlı rəsmi xəbərdarlıq edildiyi bildirilir.
Bundan əlavə, "Ural Hava Yolları" daha bir insidentə görə də xəbərdarlıq alıb. Belə ki, Nijnevartovsk–Oş reysi zamanı ölkədən çıxışına qadağa qoyulan bir stüardessanın uçuşa buraxılmamasından sonra şirkət onu əvəz edəcək əməkdaş cəlb etməyib. Nəticədə aviaşirkət "hər 50 sərnişinə bir stüardessa" tələbinin pozulmasına yol verib.