Reklam resmi
Reklam resmi

 İlduzə Hacıyevanın apellyasiya məhkəməsi başlayır

 İlduzə Hacıyevanın apellyasiya məhkəməsi başlayır
Cəmiyyət

20 gün əvvəl həbs edilən İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

Ajans.az qafqazinfo.az-a istinadən xəbər verir ki,  İlduzə Hacıyeva indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.

 İlduzə Hacıyevanın yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.

 İlduzə Hacıyevanın hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.

Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə  İlduzə Hacıyevanın bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.

Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir. Bu dəqiqəyə olan məlumata görə, hökmdən prokuror tərəfindən protest, zərərçəkmiş tərəfdən isə şikayət daxil olmayıb.  İlduzə Hacıyevanın şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.

Qeyd edək ki,  İlduzə Hacıyevanın təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı İlduzə Hacıyeva ilə barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər.  İlduzə Hacıyevanın məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək  İlduzə Hacıyevanın hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.

Mövzular:
İlduzə Hacıyeva məhkəmə apellyasiya

Digər Xəbərlər