Bu ölkədə güclü partlayış: Hərbçilər və polislər HƏLAK OLDU
Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda nəzarət-buraxılış məntəqəsinə təşkil edilən intiharçı hücumu nəticəsində azı 14 nəfər həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Sinxua agentliyi ölkənin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobil nəzarət məntəqəsinə çırpılıb və güclü partlayış baş verib. Partlayış nəticəsində nəzarət məntəqəsinin binası tamamilə dağılıb.
Həlak olanlar arasında doqquz hərbçi, dörd polis əməkdaşı və bir meşə təsərrüfatı əməkdaşı var. Ən azı 24 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin hərbçilər olduğu bildirilir.
Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Xilasetmə qrupları dağıntılar altında qalanların axtarışını davam etdirir. İlkin məlumata görə, daha üç hərbçinin dağıntılar altında qaldığı ehtimal olunur.
Hadisədən sonra təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı üç silahlı şəxs zərərsizləşdirilib.
Hücuma görə indiyədək heç bir silahlı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.