11 yaşlı şahmatçı 38 illik dünya rekordunu QIRDI
11 yaşlı britaniyalı şahmatçı Bodhana Sivanandan Fransanın Eks-an-Provans şəhərində keçirilən Dole Trophy turnirində 2600-dən yuxarı reytinqə malik qrossmeysteri məğlub edərək 38 illik dünya rekordunu yeniləyib.
Ajans.az xəbər verir ki, turnirin rəsmi saytının məlumatına görə, Sivanandan yarışın oyunlarından birində reytinqi 2628 olan Fransa çempionu Mark'Andria Morizzini məğlub edib. Rekordu qırdığı vaxt şahmatçının 11 yaş 4 ayı olub.
Bununla o, 1988-ci ildə 12 yaş 2 aylığında qrossmeyster Layoş Portişi məğlub edən macar şahmatçı Judit Polqarın rekordunu geridə qoyub.
Qeyd edək ki, Sivanandan daha əvvəl də iki qrossmeysteri məğlub etsə də, bu, onun reytinqi 2600-dən yuxarı olan rəqib üzərində ilk qələbəsi olub.
Turnirin növbəti turlarında britaniyalı şahmatçı israilli beynəlxalq usta Benni Eyzenberqə uduzub, reytinqi 2710 olan qrossmeyster Maksim Rodşteynlə isə heç-heçə edib.
Altı turdan sonra Bodhana Sivanandan 3 xal toplayaraq ikinci qadın qrossmeyster normasını qazanmaq uğrunda mübarizəni davam etdirir. O, ilk qadın qrossmeyster normasını 10 yaşında əldə edərək bu göstərici üzrə də rekord müəllifi olmuşdu. Hazırda onun rəsmi FIDE reytinqi 2303-dür.