Fransa meşə yanğınları ilə mübarizə üçün Aİ-dən yardım istəyib
Fransa Prezidenti Emmanuel Makron ölkədə genişmiqyaslı meşə yanğınları ilə mübarizə məqsədilə Avropa Birliyindən Aİ-nin Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini xahiş etdiyini bildirib.
Ajans.az xəbər verir ki, Makronun sözlərinə görə, vəziyyət xüsusilə Jirond departamentində ağır olaraq qalır.
Avropa Birliyinin dəstəyi çərçivəsində Fransaya Xorvatiyadan iki Canadair yanğınsöndürmə təyyarəsi, Portuqaliyadan iki Air Tractor təyyarəsi, həmçinin Çexiya və Slovakiyadan iki ağır yükdaşıyan Black Hawk helikopteri göndəriləcək.
Bundan əvvəl yayılan məlumatlarda Jirond departamentində baş verən meşə yanğınları səbəbindən təxminən 20 min nəfərin təxliyə edildiyi bildirilmişdi. Bundan əlavə, Fransanın cənubundakı Var departamentində davam edən yanğınlar səbəbindən daha 400 sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Hazırda yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.