Reklam resmi
Reklam resmi

Yaponiya II Dünya müharibəsindən sonra ilk dəfə kəşfiyyat xidməti yaradacaq

Yaponiya II Dünya müharibəsindən sonra ilk dəfə kəşfiyyat xidməti yaradacaq
Dünya

Yaponiya hökuməti İkinci Dünya müharibəsindən sonra ilk dəfə mərkəzləşdirilmiş kəşfiyyat xidməti yaratmağa hazırlaşır.

Ajans.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.

Məlumata görə, Tokio yeni kəşfiyyat agentliyinin yaradılması ilə bağlı ABŞ, Avstraliya və Almaniya ilə texnologiya, kadr hazırlığı və əməliyyatların təşkili sahəsində məsləhətləşmələr aparır.

Bildirilir ki, bu islahat Çin, Rusiya və Şimali Koreyadan qaynaqlandığı bildirilən təhlükələrin artması fonunda Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsinin tərkib hissəsidir.

Yeni qurumun dekabr ayına qədər fəaliyyətə başlaması planlaşdırılır. Agentlik birbaşa Baş nazir Sanae Takaiçiyə tabe olacaq.

İlkin mərhələdə qurumda kibertəhlükəsizlik mütəxəssisləri, proqram təminatı mühəndisləri və analitiklər də daxil olmaqla bir neçə yüz əməkdaş çalışacaq. Agentliyin büdcəsinin təxminən 400 milyon dollar olacağı bildirilir.

Yeni struktur polis, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarında kəşfiyyat fəaliyyəti ilə məşğul olan təxminən 33 min əməkdaşın işini koordinasiya edəcək.

Məlumata görə, ABŞ kəşfiyyat orqanları Yaponiyaya kibermüdafiə sistemlərinin inkişafı, sənaye casusluğuna qarşı mübarizə, xarici investisiyaların və xarici kəşfiyyat xidmətlərinin fəaliyyətinin monitorinqi sahəsində dəstək verir.

Avstraliyanın Yaponiyadakı səfiri və ölkəsinin keçmiş Milli Kəşfiyyat Xidmətinin rəhbəri Endryu Şirer bu addımı "çox vacib islahat" adlandıraraq bildirib ki, Baş nazir Takaiçi bu məsələni hökumətin əsas prioritetlərindən birinə çevirib.

Bununla yanaşı, təşəbbüs ölkə daxilində birmənalı qarşılanmayıb. Müxalif siyasətçi Mizuho Fukuşima hesab edir ki, müstəqil kəşfiyyat xidmətinin olmaması Yaponiyanın müharibədən sonrakı sülh siyasətinin əsas elementlərindən biri olub və yeni qurumun yaradılması şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlar yarada bilər.

Qeyd edək ki, The New York Times daha əvvəl 2022-ci ildə Avropadan çıxarılan bir sıra Rusiya kəşfiyyat əməkdaşlarının fəaliyyətlərini Yaponiyaya yönəltdiklərini iddia etmişdi. Nəşrin yazdığına görə, Moskva Yaponiyadan ikili təyinatlı texnologiyaların əldə edilməsi və sanksiyalardan yayınmaq məqsədilə istifadə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya II Dünya müharibəsi

Digər Xəbərlər