Makronun səfəri zamanı Dəməşqdə partlayış törədənlər saxlanılıb
Suriya Daxili Təhlükəsizlik Qüvvələri Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı paytaxtda partlayışlar törədən silahlı qrupun üzvlərini saxlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin Dəməşq üzrə idarəsinin rəisi, general Əhməd əl-Dallati "Əl-İxbariya" telekanalına açıqlamasında bildirib.
Generalın sözlərinə görə, iyulun 7-də Dəməşqin mərkəzində baş vermiş partlayışlarla bağlı ilkin araşdırma saxlanılan şəxslərin İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu göstərib.
Əl-Dallati bildirib ki, təhlükəsizlik qüvvələri şübhəlilərdən birini nəzarətə götürdükdən sonra şəhərin müxtəlif ərazilərində və ətraf rayonlarda xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində partlayışları törətməkdə şübhəli bilinən qrupun bütün üzvləri saxlanılıb. Onların sayı açıqlanmayıb.
General vurğulayıb ki, Suriyada sabitliyi pozmağa və müharibədən sonrakı bərpa prosesinə mane olmağa çalışan şəxslərə qarşı qəti tədbirlər görüləcək.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, Dəməşqin mərkəzində baş verən partlayışlar nəticəsində bir nəfər həlak olub, 30-dan çox insan, o cümlədən dörd polis əməkdaşı yaralanıb. Yaralılar arasında Suriya turizm nazirinin müavini Fərəc əl-Qaşquşi də var. O, ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, partlayıcı qurğular təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilməyə çalışılarkən Turizm Nazirliyinin binasının yaxınlığında partlayıb. Bombalardan biri zibil qutusunda, digəri isə park edilmiş avtomobildə yerləşdirilmişdi.
Qeyd edək ki, partlayışlar Emmanuel Makronun qaldığı "Four Seasons" otelinin yaxınlığında baş verib. Bildirilir ki, Fransa prezidentinin korteji partlayışdan təxminən 15 dəqiqə əvvəl oteli tərk edib. Hadisə nəticəsində Makron və onu müşayiət edən şəxslər xəsarət almayıblar.