Vergi Məcəlləsində DƏYİŞİKLİK- 2027-ci ildən...
2027-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülməsi mümkün olacaq.
Ajans.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanmışdır.
ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaqdır və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir.
Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcəkdir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.