Təyyarə bu ölkənin sahillərində radardan İTİB
Pakistanın K2 Airways aviaşirkətinə məxsus yük təyyarəsi Karaçi sahilləri yaxınlığında radarlardan itib.
Ajans.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, beş heyət üzvünün olduğu Boeing 737 tipli təyyarə BƏƏ-nin Şarja şəhərindən Pakistanın Karaçi şəhərinə uçuş həyata keçirirdi.
Pakistan Hava Limanları İdarəsinin bildirdiyinə görə, radar məlumatlarında təyyarənin sürətlə hündürlük itirdiyi və kəskin kurs dəyişikliyi etdiyi qeydə alınıb. Bundan bir neçə dəqiqə əvvəl pilot naviqasiya sistemində nasazlıq yarandığını dispetçerlərə bildirib.
Qeyd olunub ki, təyyarə Karaçidə yerləşən özəl yükdaşıma aviaşirkəti K2 Airways-ə məxsusdur. Mümkün qəza yerinə Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus PNS Zulfiqar gəmisi və Saab 2000 Erieye erkən hava xəbərdarlıq təyyarəsi göndərilib.
Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam edir.