Bu ölkədə matəm ELAN OLUNDU
Madaqaskarda uşaq və gənclərə qarşı qətl hallarının artması ilə əlaqədar iyulun 24-ü Milli Matəm Günü elan edilib.
Ajans.az xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, həmin gün dövlətin sabitliyini pozmağa yönəlmiş adam oğurluğu və sui-qəsd qurbanlarının xatirəsi anılacaq. Ölkə üzrə dövlət bayraqları yarıya endiriləcək, rəsmi tədbirlər istisna olmaqla bütün ictimai əyləncə və bayram proqramları ləğv ediləcək.
Fərmanda həmçinin bildirilib ki, iyulun 24-də spirtli içki satışı həyata keçirən müəssisələr fəaliyyət göstərməyəcək və ölkədə ödənişli dövlət tətili elan olunacaq.
Rəsmi məlumata görə, ilin ilk altı ayında Madaqaskarda 172 uşaq və gəncin itkin düşdüyü qeydə alınıb. Onlardan 119-u paytaxt Antananarivonun da daxil olduğu Analamanqa bölgəsinin payına düşür.
Madaqaskar Milli Polis Baş İdarəsinin məlumatına əsasən, itkin düşənlərdən 81-i sağ tapılıb, 83 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır. Bundan başqa, azı səkkiz uşağın meyiti aşkarlanıb.
Prezident bildirib ki, bu cinayətlər terror aktı kimi qiymətləndirilir və onların məqsədi ölkədə sabitliyi pozmaqdır.
Baş nazir isə adam oğurluğu və qətllərə qarşı genişmiqyaslı mübarizəyə başlanıldığını, cinayətkarlara qarşı "sıfır tolerantlıq" siyasətinin tətbiq ediləcəyini bəyan edib.