Reklam resmi
Reklam resmi

Ukrayna F-16 ilə ilk dəfə Rusiya qırıcısını vurub

Ukrayna F-16 ilə ilk dəfə Rusiya qırıcısını vurub
Dünya

Ukrayna Silahlı Qüvvələri ilk dəfə ABŞ istehsalı olan F-16 qırıcı təyyarəsindən istifadə edərək Rusiyaya məxsus döyüş təyyarəsini vurub.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Keyn Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

"Biz bu yaxınlarda Ukrayna F-16 qırıcısının Rusiya döyüş təyyarəsini vurduğu ilk hava döyüşünün şahidi olduq. Son bir neçə il ərzində tərəfdaş ölkələrin dəstəyi Ukraynanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib", – deyə general qeyd edib.

Keyn bu açıqlamanı Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün maliyyələşdirmənin dayandırılmasının mümkün nəticələri ilə bağlı suala cavab verərkən səsləndirib. Onun sözlərinə görə, Kiyev son illər öz müdafiə sənayesini sürətlə inkişaf etdirib və həm hava hücumundan müdafiə, həm də hava döyüşü imkanlarını gücləndirib.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri bu ilin iyul ayının əvvəlində şərq istiqamətində Rusiyaya məxsus Su-35 çoxməqsədli qırıcısının vurulduğunu açıqlamışdı. Lakin həmin vaxt təyyarənin hansı silahla məhv edildiyi barədə məlumat verilməmişdi.

Ukrayna ilk F-16 qırıcılarını 2024-cü ilin yayında qəbul edib. Defence Express nəşrinin məlumatına görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin arsenalında Niderland və Danimarka tərəfindən təhvil verilmiş təxminən 39 belə təyyarə var. Bundan əlavə, Norveç altı, Belçika isə 53-ə qədər F-16 qırıcısı verməyi öhdəsinə götürüb. Bu plan reallaşarsa, 2030-cu ilə qədər Ukraynanın F-16 parkı 98 təyyarəyə çata bilər.

Bu qırıcılar əsasən Rusiyanın "Kalibr", X-101 qanadlı raketlərinin və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün istifadə olunur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər