ABŞ-də hamını kövrəldən xilasetmə ƏMƏLLİYATI
ABŞ-nin Kaliforniya ştatında yanğınsöndürənlərin tüstüdən zəhərlənən göyərçini xilas etməsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Ajans.az ABC News-a istinadən xəbər verir ki, hadisə San-Fransisko Körfəzi bölgəsində yerləşən Oklend şəhərində baş verib. Yanğınsöndürmə briqadası avtomobil yanğınını söndürdükdən sonra çətin vəziyyətdə olan bir göyərçinlə qarşılaşıb.
Oklend Yanğınsöndürənlər Birliyinin (Local 55) paylaşdığı məlumata görə, quş sanki kömək istəmək üçün yanğınsöndürənlərə yaxınlaşıb. Ehtimal olunur ki, o, avtomobil yanğını zamanı yaranan tüstüdən zəhərlənib.
Yayılan görüntülərdə yanğınsöndürənlərdən birinin göyərçinə kiçik oksigen maskası taxaraq ona nəfəs dəstəyi verdiyi əks olunub. Bir müddət sonra quş özünə gəlib və yenidən uça bilib.
Video sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər yanğınsöndürənlərin həssas davranışını yüksək qiymətləndiriblər. Paylaşıma minlərlə müsbət rəy yazılıb, video isə İnstaqramda 1 milyondan çox bəyənmə toplayıb.