Dünya Kubokunun finalı təxirə SALINA BİLƏR
ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kubokunun Argentina – İspaniya final matçının meşə yanğınlarının yaratdığı tüstü səbəbindən təxirə salına biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.
Ajans.az xəbər verir ki, bu barədə Ole nəşri məlumat yayıb.
Məlumata görə, final qarşılaşmasının Nyu-Yorkdakı MetLife Stadionunda keçirilməsi planlaşdırılır. Matça üç gün qaldığı üçün oyunun təxirə salınması ehtimalı aşağı qiymətləndirilsə də, bu ssenari tamamilə istisna edilmir.
Hazırda əsas narahatlıq meşə yanğınlarından yaranan tüstünün hava keyfiyyətinə təsiridir. Təşkilatçılar 80 mindən çox azarkeşin, futbolçuların və digər iştirakçıların sağlamlığı və təhlükəsizliyinin prioritet olduğunu bildirirlər. Mütəxəssislər isə bazar gününə qədər hava şəraitinin yaxşılaşacağına və tüstünün təhlükə yaratmayacağına ümid edirlər.
Bildirilib ki, hava çirkliliyinin səviyyəsi sağlamlıq üçün risk yaradarsa, FIFA-nın belə hallar üçün xüsusi protokolları mövcuddur və qurum matçın keçirilməsi ilə bağlı mümkün dəyişiklikləri qiymətləndirə bilər.
Bununla belə, Dünya Kubokunun finalının təxirə salınması və ya cədvəldə dəyişiklik edilməsi ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Çikaqo şəhərində keçirilməsi planlaşdırılan MLS-in "Chicago Fire" – "Vancouver Whitecaps" oyunu Kanadadakı meşə yanğınlarının yaratdığı tüstü və havanın keyfiyyətinin pisləşməsi səbəbindən təxirə salınmışdı.