Trampın uşaqlıq evi SATILDI
ABŞ Prezidenti Donald Trampın uşaqlıq illərinin bir hissəsini keçirdiyi Nyu-Yorkun Kvins rayonundakı ev satılıb.
Ajans.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.
Məlumata görə, malikanəni naməlum alıcı əldə edib. Alıcının kimliyi və satışın yekun məbləği hələlik açıqlanmayıb.
Ev ilk dəfə 2025-ci ilin noyabrında 2,3 milyon dollara satışa çıxarılmışdı. Lakin 2026-cı ilin yayına qədər qiymət 1,99 milyon dollara endirilmişdi.
İngilis memarlıq üslubunda inşa edilən ev 1940-cı ildə Donald Trampın atası Fred Tramp tərəfindən tikilib. Malikanə Kvinsin nüfuzlu Jamaica Estates məhəlləsində yerləşir. Donald Tramp ailəsi ilə birlikdə burada həyatının ilk illərini keçirib, daha sonra isə eyni məhəllədə yerləşən daha böyük evə köçüb.
Qeyd edək ki, 2025-ci ildə rieltor Tommi Lin evi 800 min dollardan bir qədər artıq məbləğə almışdı. O, layihəni məhz binanın Donald Trampın uşaqlıq evi olması səbəbindən həyata keçirdiyini bildirib. Rieltor evin bərpası və yenidən qurulmasına təxminən 500 min dollar sərmayə yatıraraq interyeri və dizaynı tamamilə yeniləyib.