Qreta Tunberq yenidən diqqət mərkəzində: Berlin küçələrində etiraz
İsveçli iqlim fəalı Qreta Tunberq Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyası zamanı digər iştirakçılarla birlikdə asfalta yapışıb.
Ajans.az xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb.
Məlumata görə, aksiya Brandenburq qapısı yaxınlığında, Almaniyanın müdafiə sənayesi şirkəti Rheinmetall-ın ofislərinin yerləşdiyi ərazidə keçirilib.
Polisin bildirdiyinə əsasən, səhər saatlarında Pariser Platz meydanında 40-dan çox etirazçı toplaşıb. Onlardan təxminən 40 nəfəri asfalta yapışaraq Ebertştrasse küçəsinə girişlərdən birini bağlayıb.
Berliner Zeitung qəzetinin məlumatına görə, etiraz aksiyası "Soyqırıma Qarşı Sülh Hərəkatı" tərəfindən təşkil olunub. Aksiya iştirakçıları Berlinin Veddinq rayonundakı Rheinmetall zavodunun fəaliyyətinə etiraz edib, Qəzza zolağında hərbi əməliyyatları pisləyib və Almaniya istehsalı olan silahların silahlı münaqişələrdə istifadə edilməsinə qarşı çıxıblar.
Polis aksiyanın keçirildiyi ərazidə təhlükəsizliyi təmin edib. Hadisə ilə bağlı saxlanılanların və ya ciddi insidentlərin qeydə alınmadığı bildirilib.