Sosial şəbəkələrdə məşhur olan trend uşaqların inkişafına zərər verə bilər
Son illər sosial şəbəkələrdə populyarlıq qazanan "Bej analar" (Beige Moms) trendinin uşaqların nitq və idrak inkişafına mənfi təsir göstərə biləcəyi bildirilib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyinin sənədinə istinadən RIA Novosti məlumat yayıb.
Məlumata görə, bu trendin tərəfdarları uşaqların geyimlərində, oyuncaqlarında və otaqlarının interyerində parlaq rənglərdən istifadəni minimuma endirirlər. Lakin mütəxəssislər hesab edirlər ki, rəng müxtəlifliyinin məhdudlaşdırılması uşaqlarda rəng qavrayışının formalaşmasına mənfi təsir göstərə bilər. Bu isə nitq və düşüncə qabiliyyətinin inkişafı ilə sıx əlaqəlidir.
Sənəddə qeyd olunur ki, körpələr həyatın təxminən 20-ci günündən etibarən əsas rəngləri ayırd etməyə başlayırlar və rəng qavrayışı nitq və idrak prosesləri ilə paralel inkişaf edir. Mütəxəssislərin fikrincə, uşaqların yalnız qara-ağ təsvirlərlə tanış olması rənglərin yanlış qavranılmasına səbəb ola bilər.
Eyni zamanda vurğulanır ki, həddindən artıq parlaq və süni rənglərdən istifadə də uşaqlarda qıcıqlanma və diqqətin dağılmasına gətirib çıxara bilər.
Ekspertlərin fikrincə, uşaqların inkişafı üçün ən uyğun yanaşma rənglərin balanslı və təbii şəkildə təqdim olunmasıdır. Bu, həm rəng qavrayışının, həm də nitq və idrak bacarıqlarının sağlam inkişafına kömək edir.