Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək daha doqquz fiziki şəxs və dörd hüquqi şəxsi məhdudiyyətlər siyahısına daxil edib.
Ajans.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, yeni sanksiyalar Aİ-nin "zərərli kiber fəaliyyət" kimi qiymətləndirdiyi hərəkətlərə cavab olaraq tətbiq olunub.
Kaya Kallas bildirib ki, məhdudiyyətlər Brüsselin qiymətləndirməsinə əsasən, Rusiyanın Avropa İttifaqını, üzv dövlətləri və tərəfdaş ölkələri sabitsizləşdirməsinə dəstək verdiyi iddia olunan Rusiya kəşfiyyat əməkdaşlarını, hakerləri və bəzi şirkətləri əhatə edir.
Yeni sanksiyalar çərçivəsində siyahıya salınan şəxslərin Aİ ölkələrinə girişinə qadağa qoyulub, onların Avropa İttifaqı ərazisində yerləşən aktivləri isə dondurulacaq. Eyni zamanda, Aİ vətəndaşları və şirkətlərinə həmin şəxs və qurumlarla maliyyə əməliyyatları aparmaq qadağan edilir.