Bu ölkədə toy karvanı faciəsi: ÖLƏNLƏR VAR
İndoneziyanın Yava adasında toy mərasimindən qayıdan qonaqları daşıyan pikapın qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi polisə istinadən məlumat yayıb.
Məlumata görə, qəza iyulun 12-də günorta saatlarında Qərbi Yava əyalətinin Kiyajaran Kulon kəndi yaxınlığındakı şimal sahil magistralında baş verib. Toy qonaqları qonşu Parean kəndində keçirilən mərasimdən evlərinə qayıdırdılar.
Bildirilib ki, qonaqlar açıq yük yerinə malik pikapda olublar. Yol Polisi İdarəsinin rəisi Undanq Syarif Hidayatın sözlərinə görə, sürücü geri dönmək üçün sürəti azaldaraq yolun orta hissəsində dayanıb. Bu zaman arxadan gələn yük maşını pikapa çırpılıb.
Zərbənin təsirindən pikap qarşı hərəkət zolağına çıxaraq daha bir yük maşını ilə toqquşub. Güclü toqquşma nəticəsində 10-dan çox sərnişin avtomobildən yola atılıb.
Qəza nəticəsində 13 nəfər hadisə yerində həyatını itirib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər isə xəstəxanaya çatdırılıb.