Rusiyada benzinin qiyməti ilk dəfə BU QİYMƏTƏDİR
Rusiyada bəzi özəl yanacaqdoldurma məntəqələrində benzinin pərakəndə satış qiyməti ilk dəfə litr üçün 100 rubl ( 2,21 AZN) həddini keçib.
Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, iri neft şirkətlərinə məxsus olmayan müstəqil yanacaqdoldurma məntəqələrində AI-92 markalı benzinin litri 115 rubla( 2,51 AZN) AI-95 markalı benzin isə təxminən 120 rubla (təxminən 2.60 AZN) satılır. Bəzi məntəqələrdə dizel yanacağının qiyməti litr üçün 130–140 rubla çatıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bir sıra yanacaqdoldurma məntəqələrində qiymətlər iki həftə əvvəl 100 rubl həddini keçsə də, istifadə olunan proqram təminatı üçrəqəmli qiymətləri göstərməyə imkan vermədiyi üçün bu dəyişiklik dərhal əks etdirilməyib. İyunun sonuna doğru texniki yenilənmələrdən sonra yanacaq artıq 100 rubldan yuxarı qiymətlərlə satışa çıxarılıb.
Buna baxmayaraq, iri neft şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələrində qiymətlər nisbətən aşağı olaraq qalır. Hazırda AI-92 markalı benzinin litri 63–66 rubl, AI-95 markalı benzin isə 70–73 rubl arasında dəyişir.
Reuters-in məlumatına görə, yanacaq bazarında yaranmış çatışmazlıq topdansatış qiymətlərini də kəskin artırıb. Tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir, sifarişlərin böyük hissəsi vaxtında yerinə yetirilmir, yanacaq tədarükündə isə bir neçə aylıq gecikmələr müşahidə olunur.
Nəticədə müstəqil yanacaqdoldurma məntəqələri yanacağı daha baha almağa məcbur qalır və bu da pərakəndə satış qiymətlərinin rekord həddə yüksəlməsinə səbəb olur.