Reklam resmi
Reklam resmi

Ukrayna Rusiyada eyni obyektə yenidən HÜCUM ETDİ

Ukrayna Rusiyada eyni obyektə yenidən HÜCUM ETDİ
Dünya

Ukrayna Silahlı Qüvvələri iyunun 30-na keçən gecə Moskva vilayətinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib. Ukrayna mənbələrinin iddiasına görə, hücum zamanı Dubna şəhərində yerləşən Rusiyanın ən böyük peyk rabitə mərkəzlərindən biri yenidən hədəfə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

Gecə ərzində bölgə üzərində ən azı 60 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Onun sözlərinə görə, dronlar Domodedovo, Çexov, Yeqoryevsk, Kaşira, Voskresensk, Pavlovski Posad, Odintsovo, Bronnitsı, Ramenskoye, Stupino, Kolomna və Dubna istiqamətlərində vurulub.

Ukraynanın monitorinq kanalı Supernova Dubna çayı sahilindən çəkildiyi bildirilən görüntüləri yayımlayaraq, peyk rabitə mərkəzinin yerləşdiyi ərazidən tüstü qalxdığını iddia edib. Kanalın məlumatına görə, hücum nəticəsində bir rus hərbçisi aldığı yaralardan ölüb.

Andrey Vorobyov isə Dubnaya hücum edildiyini təsdiqləsə də, pilotsuz uçuş aparatının qalıqlarının yalnız inzibati binaya ziyan vurduğunu, hadisə zamanı ölən və yaralanan olmadığını açıqlayıb.

Qeyd edək ki, Dubna Peyk Rabitə Mərkəzi iyunun 22-də də hücuma məruz qalmışdı. Həmin vaxt Ukrayna tərəfi obyektdə güclü yanğın və tüstünün müşahidə olunduğunu bildirmişdi. Mərkəzin operatoru olan Rusiya Dövlət Kosmik Rabitə Şirkəti (SSCC) isə hücumu təsdiqləyərək televiziya yayımı və rabitə xidmətlərinin fəaliyyətinin pozulmadığını, həmçinin şəxsi heyət arasında itki olmadığını açıqlamışdı.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl yaydığı məlumatda bildirmişdi ki, həmin hücum zamanı 32 metrlik MARK-IV anten kompleksinə və mərkəzin bir neçə binasına ziyan dəyib.

Dubna Peyk Rabitə Mərkəzi dövlət qurumları və kommersiya operatorları üçün televiziya yayımı, məlumat ötürülməsi və peyk rabitəsi xidmətləri göstərən, Rusiyanın mühüm informasiya infrastrukturunun tərkib hissəsi hesab olunur.

Bundan əlavə, Ukrayna tərəfi iyunun 24-də Vladimir vilayətinin Qus-Xrustalnı şəhərində yerləşən Vladimir Strateji Rabitə Mərkəzinə də pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib. Ukrayna Baş Qərargahının məlumatına görə, hücum nəticəsində kompleksin iki binası zədələnib və ərazidə yanğın baş verib.

Qeyd: Materialda yer alan Ukrayna və Rusiya tərəflərinin açıqlamaları müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər