Husilər Bab əl-Məndəb boğazını ələ keçirməyə çalışırlar
“Husilər İranın Hörmüz boğazında həyata keçirdiyi strategiyanı Qırmızı dənizdə təkrarlamağa və Bab əl-Məndəb boğazında gəmiçiliyi pozmaqla bu mühüm dəniz yoluna nəzarəti ələ keçirməyə çalışırlar”.
Ajans.az xəbər verir ki, bunu Yəmən xarici işlər naziri Əfrah əl-Zubə deyib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda jurnalistlər qarşısında çıxış edən nazir bildirib ki, beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası husilərin daha da cəsarətlənməsinə səbəb olub.
“Husilər İranın modelini təkrarlamaq istəyirlər və bu addım iki əsas boğazın - Bəsrə körfəzinə və Qırmızı dənizə giriş qapılarının bağlanmasına gətirib çıxaracaq”, - Yəmənin baş diplomatı vurğulayıb.
Xatırladaq ki, husilər və ya “Ənsarallah” Hərəkatı 2014-cü ildən etibarən paytaxt Səna şəhərinə nəzarət edir. Amma BMT, ABŞ və Avropa İttifaqı İranın dəstəklədiyi bu qruplaşmanın “hakimiyyət”ini tanımır.
ABŞ və İsrail husiləri terror təşkilatları siyahısına daxil edib.