Sürücüsüz TIR-lar Azərbaycana GƏLİR?
Bu texnalogiyanın gələcəkdə Azərbaycanda tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı Ajans.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, belə texnologiyaların tətbiqində əsas rol müasir yol infrastrukturuna məxsusdur.
Onun sözlərinə görə, nəqliyyat sistemlərinin inkişafı ilə yanaşı, yol infrastrukturunun da texnoloji yeniliklərə uyğunlaşdırılması vacib şərtlərdən biridir:
“İnfrastrukturun inkişaf etməsi, texnologiyanın üst səviyyəyə qalxması, infrastrukturun əlçatanlığı və sadə, başa düşülən infrastrukturun olması yol hərəkətinin təşkilində əsas meyar yaradan amillərdən biridir. Sürücüsüz yük avtomobillərinin təhlükəsiz hərəkəti üçün nəqliyyat axınının düzgün təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, avtomobillər arasında ara məsafəsinin qorunması və hərəkət qaydalarının dəqiq tətbiqi vacib şərtlər sırasındadır. Bu gün nəqliyyat vasitələri idarə edilən zaman ara məsafəsinin saxlanılması vacib elementlərdən biridir. Ara məsafələrinin düzgün müəyyənləşdirilməsi və qaydaların tətbiqi əsas amillərdəndir. Əks halda bu, nəqliyyatın idarə edilməsində maneələr və çətinliklər yarada bilər.”
Aslan Əsədovun sözlərinə görə, sürücüsüz nəqliyyat vasitələrinin səmərəli fəaliyyəti təkcə avtomobil texnologiyalarından deyil, həm də yol şəbəkəsinin keyfiyyətindən, rəqəmsal idarəetmə sistemlərindən və ümumi nəqliyyat infrastrukturundan asılıdır:
“Burada yol infrastrukturunun başlıca mahiyyəti var. Nəqliyyat vasitəsinin idarə edilməsində əsas məsələ əlçatanlığın təmin edilməsidir. Əgər əlçatan nəqliyyat infrastrukturu varsa, istənilən halda nəqliyyatın idarə olunması da rahatlaşacaq. Əks halda isə ləngimələr, gecikmələr və digər problemlər ortaya çıxacaq.”
Ekspert hesab edir ki, gələcəyin nəqliyyat sistemi yalnız avtomobillərin texnoloji imkanları ilə deyil, onları dəstəkləyən ağıllı yol infrastrukturu, rəqəmsal nəzarət mexanizmləri və təhlükəsizlik standartları ilə formalaşacaq. Bu səbəbdən sürücüsüz yük avtomobillərinin tətbiqi üçün ölkələr ilk növbədə nəqliyyat infrastrukturunu yeni texnologiyalara uyğun inkişaf etdirməlidir.
Beləliklə, mütəxəssisin fikrincə, sürücüsüz yük avtomobillərinin uğurlu tətbiqi üçün əsas şərt müasir, təhlükəsiz və rəqəmsal imkanlarla təchiz edilmiş yol infrastrukturunun formalaşdırılmasıdır. Azərbaycanda da bu istiqamətdə atılacaq addımlar gələcəkdə belə texnologiyaların tətbiq perspektivini müəyyən edəcək.
Mələksəda Ziyad