Hesablama Palatası: Hər 10 dövlət qurumundan 6-sı hesabatı gec təqdim edir
Azərbaycanda dövlət qurumlarının 60 faizi maliyyə hesabatlarını vaxtında təqdim etmir.
Ajans.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsinin icrasına dair rəy hazırlanarkən 200-dən çox təşkilatdan 2 mindən artıq hesabat alınıb. Lakin əsas məsələ hesabatların sayı deyil, onların keyfiyyətidir.
V.Gülməmmədov bildirib ki, ilk dəfə rəqəmsal həllərin köməyi ilə hesabatların təqdim olunması 100-dən çox indikator üzrə qiymətləndirilib. Aparılan qiymətləndirmələr nəticəsində 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalarla bağlı arayış təqdim edilib.
Sədr qeyd edib ki, rəqəmsal qiymətləndirmə dövlət qurumlarında rəqəmsal alətlərdən tam istifadə olunmadığını və peşəkar kadr çatışmazlığının mövcud olduğunu göstərib.
"Hesabatları vaxtında təqdim edənlərin sayı ümumi həcmin təqribən 40 faizini təşkil edir. Qurumların 60 faizi hesabatlarını vaxtında təqdim etməyib. Vaxtında təqdim olunan hesabatlarda da natamamlıqlar və xətalara rast gəlinir. Hesabatların formal şəkildə təqdim edilməsi isə onların analitik dəyərini azaldır", - deyə V.Gülməmmədov bildirib.