ABŞ-də ATIŞMA: ÖLƏNLƏR VAR
ABŞ-nin Sietl şəhərində yerləşən mədəniyyət və əyləncə kompleksinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı üçə yüksəlib.
Ajans.az xəbər verir ki, bu barədə The Seattle Times qəzeti məlumat yayıb.
Məlumata görə, atışma Seattle Center kompleksinin yaxınlığında baş verib. Əvvəlki məlumatlarda iki nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilirdi.
Son məlumata əsasən, hadisə nəticəsində üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Yaralananlar arasında azyaşlı uşaq da var.
Qəzetin yazdığına görə, iki nəfər hadisə yerində həyatını itirib, üçüncü şəxs isə aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb.
İlkin araşdırmalara görə, atışmada iki silahlı şəxs iştirak edib və onların bir-birinə atəş açdığı ehtimal olunur. Şübhəlilərdən biri saxlanılıb, digərinin isə axtarışı davam edir.
Hadisənin motivi hələlik açıqlanmayıb. Polis araşdırmanı davam etdirir.