Rusiyada UNO GÖRÜLDÜ
Rusiyanın Çelyabinsk vilayətinin sakinləri Kıştım şəhəri yaxınlığında naməlum uçan obyektin (UNO) müşahidə edildiyini iddia edirlər.
Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, yerli sakinlər Anbaş gölü yaxınlığında parlaq narıncı rəngdə işıq saçan uçan obyekt görüblər. Bildirilir ki, obyekt təxminən 10 dəqiqə eyni nöqtədə qalıb, daha sonra isə qəfil gözdən itib.
Nəşrin yazdığına görə, bəzi ufoloqlar hadisənin təsadüfi olmadığını hesab edirlər. Onlar iddia edirlər ki, yerli əhali uzun illərdir Anbaş gölü yaxınlığında yadplanetlilərin istifadə etdiyi ehtimal olunan "kosmodrom"un yerləşdiyinə inanır. Bu iddialar məşhur "Kıştım cırtdanı" əfsanəsi ilə əlaqələndirilir.
"Kıştım cırtdanı" haqqında ilk məlumatlar 1996-cı ildə yayılıb. İddialara görə, ruhi xəstəlikdən əziyyət çəkən təqaüdçü Tamara Prosvirina meşədə təxminən 25 santimetr boyunda naməlum məxluq taparaq onu evinə aparıb. O, məxluğa "Alyoşenka" adını verib və ona qulluq edib. Hadisənin bəzi şahidləri həmin məxluqu gördüklərini iddia ediblər.
Bir müddət sonra Prosvirina xəstəxanaya yerləşdirilib, "Alyoşenka" isə ölüb. Daha sonra mumiyalanmış qalıqların tapıldığı bildirilsə də, onların mənşəyi rəsmi şəkildə təsdiqlənməyib. Məlumatlara görə, qalıqları araşdıran müstəntiq Vladimir Bendlin onları bir müddət soyuducuda saxlayıb, lakin sonradan mumiyanın müəmmalı şəkildə yoxa çıxdığı iddia olunur.
Qeyd edək ki, "Kıştım cırtdanı" və son UNO müşahidəsi ilə bağlı iddialar rəsmi elmi təsdiqini tapmayıb və onların doğruluğu müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.