Ailə qurmaq çətindir, amma dözmək lazımdır-ADA rektoru
ADA Universitetinin rektoru Hafiz Paşayev məzunlarla görüşdə etdiyi çıxış zamanı ailə institutunun əhəmiyyətindən danışaraq boşanan əməkdaşlarına müraciət edib.
Ajans.az -ın məlumatına görə o, bildirib ki, universitetdə təhsil alan bəzi tələbələr sonradan həmin ali təhsil müəssisəsində işləməyə başlayıb və burada ailə qurublar.
“Tələbə kimi gəlib, inciməsinlər məndən, bəziləri boşanıb. Bax, boşanma məni açmır. Bizim daxildə tələbə kimi gəlib, sonra bizdə elə işə düzəlib, sonra elə bizdəcə evləniblər. Biz bunu çox alqışlayırıq”, – deyə rektor bildirib.
Hafiz Paşayev universitet mühitinin insanların bir-birini sevə bilməsi üçün əlverişli şərait yaratdığını qeyd etsə də, ailə qurmağın ciddi məsuliyyət tələb etdiyini vurğulayıb.
“Bilin ki, ailə qurmaq çox ciddi məsələdir. Çətinlik olur, döyüşmə olur, vuruşma olur, ona dözəsən gərək. Dözəsən, mənim yaşıma çatanda deyəcəksən ki, nə yaxşı ki, mən axıradək sadiq qaldım ailəmə, uşaqlarıma və əsas da ki, xanımıma”, – o deyib.
Rektor çıxışında universitetin parkını zarafatla “sevgi-məhəbbətin inkişaf etdiyi məkan” adlandıraraq iştirakçılara müraciətlə bildirib ki, ora gələnlərin söhbəti də məhəbbətdən düşmür.
Sonda Hafiz Paşayev ailənin cəmiyyət üçün mühüm rol oynadığını qeyd edərək belə deyib:
“Mənim istədiyim odur ki, ailəniz möhkəm olsun. Çünki ailə, bayaq dediyim, vətəndaşlığın ən böyük məsuliyyətli hissəsidir. Sən əgər ailə qurursansa, məsuliyyətlə yanaşmalısan, sənin övladların da sonra o vətəndaşlığı başa düşəcək daha yaxşı.”
Mələksəda Ziyad